CƏMİYYƏT
Şəmkir rayonunda yol qəzası olub, avtomobil körpüdən asılı qalıb VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində içərisində bir nəfərin olduğu avtomobilin körpüdən asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumat əsasında nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1991-ci il təvəllüdlü Rüstəmov Orxan Əvəz oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobilinin körpü üzərində qəzaya uğradığı və nəticədə vətəndaş içərisində olmaqla avtomobilin körpüdən asılı vəziyyətdə qaldığı müəyyənləşib.
Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobildən çıxararaq xilas ediblər.