REGİONLAR
Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində yerləşən qəzalı körpü bərpa edilib VİDEO
Bakı, 5 yanvar, AZƏRTAC
Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası işləri “Azəravtoyol” ASC tərəfindən yekunlaşdırılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 427-ci kilometrində yerləşən körpüdə bərpa işləri yüksək keyfiyyətlə aparılıb.
Bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən körpünün hər iki tərəfində 50 metr uzunluğunda, 9 metr hündürlükdə mühafizə və yeni sutənzimləyici qurğular inşa edilib. Bundan başqa, körpünün yerləşdiyi ərazidə çay məcrasında su axınının sürətini azaltmaq məqsədilə dərinlik boyu hündürlüyü 1,2 metr artırılmaqla və örtük hissə bərpa edilməklə bərkitmə işləri aparılıb, 6 pilləvari qurğu inşa edilib.
Qurğuların hündürlüyü 22 metr, ümumi uzunluğu 60 metr, eni isə 118 metrdir. Həmçinin körpünün dayaqlarının qorunması üçün 110 metr uzunluğunda, 90 metr enində dəmir-beton konstruksiyadan ibarət xüsusi qoruyucu sahə inşa edilib.
Qeyd olunub ki, cari ilin iyun-iyul ayları ərzində Şəmkir rayonu ərazisində sel suları nəticəsində yuyulma baş verib və körpü qəzalı vəziyyətə düşüb.
2011-ci ildə inşa edilmiş 3 aşırımlı körpünün uzunluğu 96,3 metr, eni 11,5 metr, çay məcrasından hündürlüyü isə 11 metrdir. Zəyəmçay üzərində inşa edilən körpü 377 min nəfər əhalinin yaşadığı Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpüdür.