REGİONLAR
Şəmkirdə kənd əhalisinin içməli su ilə təminatı yaxşılaşdırılır
Şəmkir, 16 iyul, Famil Quliyev, AZƏRTAC
Şəmkir rayonunun İrmaşlı kəndində sakinlərin təmiz içməli su ilə normal təminatı istiqamətində işlər aparılır. Belə ki, kənd sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə su boruları yenilənir, suyun sakinlər arasında bərabər bölünməsi istiqamətində işlər həyata keçirilir.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının İrmaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Musayev AZƏRTAC-a deyib: “Kənddə sutəmizləyici qurğuların və kəhrizlərin normal istismarı daim diqqət mərkəzindədir. Ötən illər ərzində su sakinlər arasında bərabər bölünməmişdi. Buna görə də bəzi sakinlərin içməli suya olan tələbatı tam ödənilmirdi. Hazırda İrmaşlı kəndində suyun bütün sakinlər arasında düzgün paylanılması istiqamətində işlər həyata keçirilir və bütün kənd sakinlərinin içməli suya olan tələbatı bərabər səviyyədə ödənilir”.