DÜNYA


Serbiya və Kosovo rəhbərlərinin Brüssel görüşü nəticəsiz qalıb

Belqrad, 18 avqust, AZƏRTAC

Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında avqustun 18-də Brüsseldə keçirilən görüşdə hər hansı bir nəticə əldə olunmayıb.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin təşəbbüsü və Aİ-nin Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçakın iştirakı ilə keçirilən görüşdə tərəflər arasında problemlərin həllinə dair heç bir irəliləyiş əldə edilməyib.

Altı saatdan çox davam edən görüşün sonunda jurnalistlərə açıqlama verən C.Borel Serbiya ilə Kosovo arasında normallaşma prosesini əhatə edən məsələ ilə bağlı keçirilən bu görüşdən bir nəticə ala bilmədiklərini bildirib.

“Təəssüf ki, bu gün razılığa gələ bilmədik. Amma bu, məsələnin sonu deyil. Hər iki lider prosesin davam etdirilməsi ilə bağlı razılığa gəliblər. Danışıqlar yaxın günlərdə də davam edəcək”, - deyə Aİ-nin Ali nümayəndəsi vurğulayıb.

Hər iki liderin dialoqdan başqa alternativin olmadığını qəbul etdiklərini söyləyən C.Borel bu görüşdə heç bir irəliləyiş əldə edilməsə də, Kosovo hökumətinin şəxsiyyət vəsiqəsi və avtomobil nömrələri ilə bağlı qərarını təxirə saldığı tarixədək - sentyabrın 1-dək müzakirələr üçün vaxtın olduğunu bildirib.

Qeyd edək ki, Serbiya və Kosovo rəhbərləri arasında son görüş 2021-ci ilin iyulunda keçirilib.

Xatırladaq ki, Kosovo hökuməti avqustun 1-dən etibarən Kosovoda yaşayan serblər də daxil olmaqla, hər kəs üçün Kosovoya məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaları tətbiq edəcəyini açıqlayıb. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıb, yollarda barrikadalar qurulub və bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olub. Daha sonra yeni qaydaların tətbiqinin sentyabrın 1-dək təxirə salındığı açıqlanıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.