İDMAN
Sərhədçi idmançılar “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunublar
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan sərhədçiləri milli və beynəlxalq statuslu mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil edərək bu sahəyə öz töhfələrini verməkdə davam edirlər.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində 200 idmançının iştirakı ilə 12 çəki dərəcəsində keçirilən kikboksinq üzrə respublika birinciliyində mayor Fuad Zeynalovun yetirmələri yüksək nailiyyətlər əldə ediblər.
Çempionatda Qəşəm Məmmədov (67 kq), Elcan Alıkişiyev (81 kq) birinci, Elşad Şahbazov (75 kq) ikinci, Əkbər Əsədov isə üçüncü yerlərə layiq görülüblər. Çempionatın qalibləri avqustun 15-17-də Türkiyə Respublikasında keçiriləcək İslam Oyunlarına lisenziya qazanıblar.
Mayın 23-də DSX-nin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi idmançılarla görüşüb. Görüşdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına olan ali diqqət və qayğısı nəticəsində Azərbaycan idmanının yüksək xətt üzrə inkişaf etməsi, idmançılarımızın Olimpiya oyunlarında və digər mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil etmələri, Azərbaycan sərhədçilərinin də bu sahəyə əhəmiyyətli töhfə vermələri qeyd olunub.
Sərhədçi idmançılar DSX-nin rəisi Elçin Quliyev tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunublar. İdmançılar adından çıxış edən mayor Fuad Zeynalov göstərilən ali diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə edib, yeni uğurları və qələbələrı ilə göstərilən etimadı doğruldacaqlarına söz veriblər.