CƏMİYYƏT


Sərhədçilər düşmənin təxribatlarının qarşısını almaq üçün daim hazırdırlar VİDEO

Bakı, 28 dekabr, AZƏRTAC

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən sərhəd bölmələrində Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyətinin sərhədçilərlə görüşməsi, xidməti və məişət şəraitlərinə baxış keçirilməsi, qarşıdan gələn bayram münasibətilə şəxsi heyətə təbriklərini çatdırması ənənəsi davam etməkdədir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin rəisi, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələrində olub, təmas xəttində döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçularla görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə xidmət etməkdən qürur duyan və xüsusi hazırlıq keçmiş heyət sırasında olmaları ilə fəxr edən sərhədçi hərbi qulluqçular düşmənin hər hansı təxribatının qarşısını almaq üçün daim hazır olduqlarını bildirib, döyüş ruhunun yüksək olduğunu nümayiş etdiriblər.

DSX-nin rəisi “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, həmçinin ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında Sərhəd Qoşunları Komandanının və digər rəhbər vəzifəli şəxslərin məruzələrini dinləyib. Xidmət rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının ən yüksək səviyyədə icra edilməsi, döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin döyüş ruhunun və vətənpərvərlik hisslərinin yüksəldilməsi, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin yerli orqanları, Müdafiə Nazirliyinin xidməti ərazidə dislokasiya olunmuş hərbi hissə və birləşmələri ilə qarşılıqlı əlaqələrin daha yüksək səviyyədə təşkili, Qazax və Ağstafa rayonlarında yerli icra hakimiyyəti orqanları və vətəndaşlarla münasibətlərinin genişləndirilməsi istiqamətində göstərişlərini verib.

General-polkovnik Elçin Quliyev Qazax və Ağstafa rayonlarının ərazisində ərazi müdafiəsinin təkmilləşdirilməsi ilə yanaşı, müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sərhəd döyüş məntəqələrində tikilən yeni xidməti binaların və əsgər kazarmalarının inşa vəziyyəti, məntəqələrdə quraşdırılmış modul tipli binalarda, səhra mətbəxlərində və səhra hamamlarında yaradılmış şəraitlə tanış olub, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərin gedişini yoxlayıb.

DSX rəisi, general-polkovnik Elçin Quliyev sərhəd döyüş məntəqələrində xidmət-döyüş fəaliyyətinin təşkilində fərqlənmiş hərbi qulluqçuları mükafatlandırıb, şəxsi heyətlə birgə nahar edib. Xidmət rəisi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sərhədçiləri təbrik edib, çətin və məsuliyyətli, ağır olduğu qədər də şərəfli xidmətlərində uğur və müvəffəqiyyətlər arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.