CƏMİYYƏT


“Sərhədi xalq qoruyur” mövzusunda görüşlər təşkil olunur

Bakı, 29 dekabr, AZƏRTAC 

Dövlət Sərhəd Xidməti (DSX) ictimaiyyət nümayəndələrinin və gənclərin Vətənə məhəbbət, оnun sərhədlərinə hörmət ruhundа tərbiyə olunması, sərhədçi pеşəsinə mаrаğın аrtırılması məqsədilə müxtəlif məqsədyönlü tədbirlər keçirir. Bu tədbirlər arasında sərhədyanı rayonların sakinlərinin və məktəblilərin iştirakı ilə “Sərhədi xalq qoruyur” mövzusunda təşkil olunan çoxsaylı görüşlər xüsusi yer tutur. Bu görüşlərdə sərhəd mühafizəsinin yaranması və inkişafı haqqında ətraflı məlumat verilir, yerli əhalinin dövlət sərhədinin mühafizəsindəki rolu, sərhədçilərlə sakinlərin qarşılıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılır, gənclərimizə sərhədlərimizin mühafizəsi işinin təşkili, sərhədçi pеşəsinin xüsusiyyətləri ətraflı izah edilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, “Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə altına götürülmüş Azərbaycan-Ermənistan dövlət sərhədlərinin Qazax rayonu ərazisindəki hissəsində sərhədboyu Kəmərli, Qaymaqlı, Aslanbəyli, Quşçu-Ayrım, Məzəm, Cəfərli və Xanlıqlar yaşayış məntəqələrinin orta məktəblərində keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayan tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə çatdırılmasından və qazanılmış uğurlardan danışıblar.

Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qərarına əsasən, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-nin Sərhəd Qoşunlarına həvalə olunmasının şərəf və qürur olmaqla yanaşı, Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının və etibarının ifadəsi kimi dəyərləndiriblər. Ölkəmizin sərhədlərinin mühafizəsində ictimaiyyətin də yaxından iştirakı razılıq hissi ilə qeyd edilib, bunun da xalq və dövlətin vəhdətindən irəli gəldiyi xüsusi vurğulanıb.

Qazax rayon ictimaiyyətinin nümayəndələri sərhədçiləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, yerli əhalinin dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından kömək göstərməsinin böyük əhəmiyyət daşıdığını və yüksək qiymətə layiq olduğunu bildiriblər.

Tədbirlərin sonunda Qazax rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən məktəblərə Dövlət Sərhəd Xidməti tərəfindən müasir kompüter, noutbuk və videoproyektor dəstləri hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.