CƏMİYYƏT


“Sərhədi xalq qoruyur” mövzusunda tədbir keçirilib

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü münasibətilə keçirilən tədbirlər arasında sərhədyanı rayonların sakinləri ilə “Sərhədi xalq qoruyur” mövzusunda təşkil olunan çoxsaylı görüşlər xüsusi yer tutur.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu görüşlərdə sərhəd mühafizəsinin yaranması və inkişafı haqqında ətraflı məlumat verilir, yerli əhalinin dövlət sərhədinin mühafizəsindəki rolu, sərhədçilərlə sakinlərin qarşılıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılır.

“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir Lənkəran sərhəd dəstəsində keçirilib.

Tədbir iştirakçıları Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin fotoekspozisiya ilə tanış olub və əbədiyaşar liderin abidəsi önünə gül dəstələri düzüblər.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, dahi öndərin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından və qazanılmış uğurlardan danışıblar. Ölkəmizin sərhədlərinin mühafizəsində ictimaiyyətin də yaxından iştirakı razılıq hissi ilə qeyd edilib, bunun da xalq və dövlətin vəhdətindən irəli gəldiyi xüsusi vurğulanıb.

Lənkəran rayon ictimaiyyətinin nümayəndələri sərhədçiləri qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib, yerli əhalinin dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından kömək göstərməsinin böyük əhəmiyyət daşıdığını və yüksək qiymətə layiq olduğunu bildiriblər.

Daha sonra sərhədlərimizin qorunması işində sərhədçilərə yaxından kömək edən bir qrup yerli sakin qiymətli hədiyyələrlə və fəxri fərmanlarla mükafatlandırılıb.

Tədbirin sonunda qəhrəman sərhədçilərdən bəhs edən film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.