REGİONLAR
Sərt karantin rejimi dövründə kənd təsərrüfatı sahəsində fəaliyyət necə davam etdiriləcək?
Bakı, 20 iyun, AZƏRTAC
Hazırda ölkəmizdə kənd təsərrüfatı işlərinin qızğın çağıdır. Taxıl biçilir, pambıq becərilir, tərəvəz, meyvə yığılır, barama tədarük olunur. Bu sahədə çalışanlar, o cümlədən fermerlər sərtləşdirilmiş karantin rejimi müddətində fəaliyyətlərini necə davam etdirə bilərlər?
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarında bununla bağlı qaydalar müəyyənləşdirilib.
Qərara əsasən, iki həftəlik sərt karantin rejimi dövründə (21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək) kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə onlar barədə məlumatlar işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə isə onlar barəsində məlumatlar Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.