İDMAN
Serxio Peres: Biz Bakıda daha yaxşı çıxış etməliyik
Bakı, 15 aprel, AZƏRTAC
Mən 4 xal qazanmağıma çox sevinirəm. Start inanılmaz dərəcədə yaxşı alındı. Mən hücuma keçmək fürsətini gördüm və hər şey istədiyim kimi alındı. Bizim tempimiz yaxşı idi, mən sürəti saxlayır və şinlərin vəziyyətinə nəzarət edirdim.
AZƏRTAC xəbər verir ki, “Racing Point”in pilotu Serxio Peres Formula 1-in Çin Qran-Prisindən sonra bu fikirləri bildirib.
S.Peres deyib: “Yürüşü asan adlandırmaq olmazdı, çünki ikinci kəsiyin çox hissəsində mən Kimi Raykkonenin təzyiqi altındaydım. Bu səbəbdən də şinlərin vəziyyətini izləmək və tempi saxlamaq çox çətin idi. Məndən irəlidə olan Daniel Rikkardo da elə bu vəziyyətdə idi. Güman edirəm ki, o, şinlərin vəziyyətini izləyirdi. Çünki hər dəfə mən ona yaxınlaşdıqda o, sürəti artıraraq qabağa gedirdi”.
“Çin trası heç vaxt bizim sürətlə yürüş etdiyimiz traslar sırasına daxil olmayıb. Bu səbəbdən fürsətdən istifadə edərək xal qazanmağımız çox mühüm idi. Biz Bakıda daha yaxşı çıxış etməliyik”, - deyə pilot qeyd edib.