SİYASƏT


Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” qəzeti 28 May – Respublika Günündən yazır

Qahirə, 30 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Əl-Cəzirə” qəzetində səfir Şahin Abdullayevin “28 May Azərbaycanın müstəqillik bayramıdır” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Cümhuriyyətin tarixindən söz açılıb. Bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edib və beləliklə, müsəlman Şərqində ilk demokratik respublikanın əsası qoyulub. 1918-ci il noyabrın 19-da Azərbaycan parlamentinin ilk iclası keçirilib, tezliklə dövlət təsisatlarının və hüquq institutlarının, sosial islahatların, Vətəni müdafiə etməyə qadir güclü ordunun əsası qoyulub. Qonşu ölkələrlə diplomatik əlaqələr yaradılıb, milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarlar qəbul olunub, o cümlədən Cümhuriyyətin dövlət bayrağı təsdiq edilib, qadınlara seçib-seçilmək hüququ verilib və mədəni-maarif sahəsində mühüm addımlar atılıb.

Məqalədə 1920-ci il aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğalı nəticəsində Cümhuriyyətin süqut etdiyi, cəmi 23 ay ömür sürməsinə baxmayaraq xalqımızın yaddaşında silinməz iz buraxdığı qeyd olunub. Müəllif Şərqdə ilk demokratik respublikanın özündən sonra zəngin irs qoyduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycan keçmiş sovet respublikaları içərisində müstəqilliyini əldə edən ilk ölkələrdən biridir. Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb, ərazisinin 20 faizi işğal olunub və bir milyon nəfərdən artıq soydaşımız doğma torpaqlarından qovulub. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan torpaqlarının işğalına son verildiyi və Ermənistan tərəfinin danışıqlara başlamağa məcbur edildiyi oxucuların diqqətinə çatdırılıb.

Yazıda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın xarici siyasətində köklü dəyişikliklər baş verdiyi, yeni strategiya hazırlandığı, beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinin müəyyənləşdiyi, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edildiyi və parlament seçkilərinin keçirildiyi qeyd olunub.

Məqalədə, həmçinin Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyi və regionda vacib tranzit ölkə rolunu oynadığı qeyd olunub. Qərb-Şərq və Şimal-Cənubun qovuşuğunda yerləşən Azərbaycanın təşəbbüsü ilə Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına nəql edən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Avropa ilə Asiyanı bir-birinə bağlayan kəmərin ilk həlqəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP – Trans-Anadolu qaz boru kəməri layihəsinin inşa edildiyi oxucuların diqqətinə çatdırılıb.

Müəllif Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri barədə oxuculara geniş məlumat verib, iki qardaş ölkə arasında əlaqələrin mehribanlıq və əməkdaşlıq mühitində inkişaf etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin 2005 və 2015-ci illərdə Səudiyyə Ərəbistanında rəsmi səfərdə olduğu oxucuların diqqətinə çatdırılıb.

Səfir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə siyasi, iqtisadi və sosial sahələrdə böyük uğurlar əldə edib, dünya dövlətlərinin rəğbətini qazanıb, beynəlxalq proseslərdə fəal rol oynayır, həmçinin dövlətçiliyimizin və vətəndaşlarımızın gələcəyi zəmanət altına alınıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.