İQTİSADİYYAT
Səudiyyəli nazir: OPEC-in neft hasilatını azaldıb-azaltmayacağı barədə danışmaq üçün çox tezdir
Bakı, 4 dekabr, Nihad Budaqov, AZƏRTAC
OPEC-in neft istehsalını azaldıb-azaltmayacağı barədə danışmaq üçün çox tezdir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib.
Qeyd edək ki, dekabrın 6-da Vyanada OPEC Nazirlər Şurasının 175-ci iclası keçiriləcək. Toplantıda OPEC üzrə hasilatın azaldılması ilə bağlı qərar qəbul olunması gözlənilir. İclasda, həmçinin iyunun 22-də keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasından ötən dövr ərzində neft bazarında baş verən proseslər nəzərdən keçiriləcək. Bundan başqa, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda neft bazarında tələb və təklifin vəziyyəti, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, Rusiyanın müşahidəçi ölkə kimi OPEC-ə qoşulması məsələləri müzakirə olunacaq. İclas çərçivəsində Rusiya ilə OPEC-in əməkdaşlıq müqaviləsi imzalaması da planlaşdırılır.
İclas çərçivəsində, həmçinin OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclası, OPEC və qeyri-OPEC nazirlərinin V görüşü keçiriləcək.