CƏMİYYƏT


Səyavuş Heydərov: “Bakı Prosesi” böhrandan çıxış üçün yol xəritəsi kimi qiymətləndirilir

Səyavuş Heydərov: “Bakı Prosesi” böhrandan çıxış üçün yol xəritəsi kimi qiymətləndirilir

Brüssel, 6 dekabr, AZƏRTAC

Müasir dövrdə dünyada cərəyan edən ictimai-siyasi proseslərdə gərginliyin artım dinamikası fonunda dinlərarası əməkdaşlıq və dialoqun aktuallığı göz önündədir. Bu gün dinin sürətlə siyasiləşdirilməsi, siyasi alətə çevrilməsi reallıqdır. Bunun acı nəticələri də aydın görünür. Dini zəmində bir sıra münaqişələrə, eləcə də Suriyadakı böhrana nəzər salsaq görərik ki, vaxtında qabaqlayıcı tədbirlər görülsəydi, dinlər və mədəniyyətlərarası dialoqa önəm verilsəydi, ümumiyyətlə, dini təhlükəsizlik məsələlərinə diqqət yetirilsəydi, bu gün vəziyyət başqa cür olardı.

Bu fikirləri Brüsseldə təşkil edilmiş “Təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda konfrans çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov AZƏRTAC-a müsahibəsində deyib.

Komitə sədrinin müavini bildirib ki, dinin siyasiləşdirildiyi bugünkü dövrdə mənəvi böhranın mövcudluğu aydın görünür. Bu gün bəzi ekspertlər sivilizasiyaların böhran dövrünə qədəm qoyduğunu deyirlər. Bunun nəticələri isə müxtəlif lokal münaqişələr formatında özünü göstərir.

“Brüsseldəki konfrans vasitəsilə dini motivli proseslərin nə dərəcədə təhlükəli olduğunu beynəlxalq ictimaiyyətə çatdırdıq. Azərbaycanın bu istiqamətdə təşəbbüslərinə reaksiya verildiyinin şahidi olduq. Eyni zamanda, Avropanın narahatlığını gördük. Konfrans iştirakçıları Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı təşəbbüsünü alqışlayaraq onun böyük əhəmiyyətini qeyd etdilər. Onlar nəzəriyyədən praktikaya keçməyin vaxtı çatdığını qeyd etdilər. Bu sahədə Azərbaycan nümunəsinə, modelinə diqqət çəkildi. Bir daha gördük ki, Azərbaycan nümunəsinə böyük önəm verilir”, - deyə S.Heydərov bildirib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu “Bakı Prosesi” Brüssel konfransının əsas mehvəri oldu. Ekspertlər “Bakı Prosesi”ni böhrandan çıxış üçün yol xəritəsi kimi qiymətləndirdilər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.