REGİONLAR
Seymur Mövlayev: Taxıl biçini mövsümündə çevik və operativ olmalıyıq
Bakı, 19 may, AZƏRTAC
Taxıl biçini mövsümündə kombaynların dislokasiyası müəyyənləşdirilməli, çeviklik və operativlik təmin edilməlidir. “Aqrolizinq”in regional nümayəndəlikləri barədə fermerlər tərəfindən şikayətlər minimum olmalıdır. Vətəndaşların hüquqları pozulmamalı, bütün kombaynlar ehtiyat hissələri ilə təmin edilməlidir. Hər bir kombaynın biçin potensialı təhlil edilməli və dəqiq olmalıdır. Fermerləri lazımi informasiya verərək maarifləndirmək gərəkdir. Bunlar bizim fəaliyyət prinsiplərimizdir. Bütün risklər aradan qaldırılmalıdır. Əsas məqsədimiz isə taxıl biçinini vaxtında və itkisiz həyata keçirməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 19-da “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayev taxıl biçininin vaxtında, itkisiz və mütəşəkkil təşkili ilə bağlı keçirilən müşavirədə deyib.
“Aqrolizinq” ASC-də keçirilən müşavirəndə çıxış edən Seymur Mövlayev biçin mövsümündə regional nümayəndəliklərin istifadəsində olan kombaynların texniki cəhətdən işə hazırlığı barədə məlumat verib.
Qeyd edilib ki, taxıl biçini mövsümünü daha mütəşəkkil keçirmək məqsədilə daxili qərargah yaradılıb. Qərargah taxıl biçini mövsümü ərzində mütəmadi olaraq biçinin vəziyyəti barədə monitorinq aparacaq, kombaynların dəqiq dislokasiyasını və nasazlıqların aradan qaldırılmasını operativ qaydada təmin edəcək. Eyni zamanda, fermerlərin taxıl biçini ilə əlaqədar aidiyyəti qurumlara və ASC-nin çağrı mərkəzinə daxil olan müraciətlərinin operativ araşdırılması, həll edilməsi və müvafiq tədbirlər görülməsi üçün qərargahda cəmiyyətin mütəxəssislərindən ibarət növbəli iş qrafiki tərtib olunub.
Müşavirədə bildirilib ki, bu il biçin mövsümündə müraciətlərin daha çox daxil olduğu iri taxılçılıq rayonlarında ilk dəfə olaraq operativ qrup yaradılıb. Qrupun yaradılmasında əsas məqsəd fermerlərin müraciətlərini vaxtında araşdırmaqla taxıl itkisinin qarşısını almaqdır.
Sonda “Aqrolizinq” ASC-nin hər bir regional nümayəndəliyinin biçinlə bağlı təklifləri dinlənilib, taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.