İQTİSADİYYAT
Seyran Mirzəzadə: Azərbaycan Monteneqroda mühüm sərmayəçidir
Bakı, 5 iyul, AZƏRTAC
Monteneqronun nüfuzlu CDM portalı Azərbaycan–Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin rəhbəri Seyran Mirzəzadənin müsahibəsini yerləşdirib (https://m.cdm.me/ekonomija/azerbejdzanski-investitori-ohrabreni-za-ulaganja-na-sjeveru/.
AZƏRTAC xəbər verir ki, müsahibədə Monteneqronun Baş Naziri Duşko Markoviçin bu yaxınlarda Azərbaycana etdiyi səfərdən bəhs olunur. S.Mirzəzadə qeyd edib ki, bu səfər dostluq əlaqələrinin, əməkdaşlığın və iki ölkənin hökumətləri arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyətə malik olub. O, ümidvar olduğunu bildirib ki, Azərbaycanda Monteneqronun diplomatik missiyasının açılması münasibətlərin daha da dərinləşməsinə kömək edəcək.
Hazırda Azərbaycanın Monteneqroda mühüm sərmayəçi kimi çıxış etdiyini vurğulayan Mirzəzadə deyib: ”Ölkələrimiz arasında yaxşı münasibətlər qurulub. Azərbaycan hər zaman Monteneqro ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Bu gün ölkələrimiz səmərəli əməkdaşlıq edirlər və bu əlaqələrin daha da möhkəmlənməsi yolunda irəliləyirlər”.
Xatırladaq ki, Azərbaycanın Baş Naziri Novruz Məmmədovun dəvəti ilə iyunun 23-25-də Monteneqronun Baş Naziri ölkəmizdə rəsmi səfərdə olub. S.Mirzəzadə əlavə edib: ”Əminəm ki, bu səfər və keçirilmiş məhsuldar görüşlər tezliklə iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsirini göstərəcək”. Onun sözlərinə görə, səfər çərçivəsində Monteneqro nümayəndə heyəti öz ölkəsinin potensialını və inkişaf perspektivlərini tam şəkildə nümayiş etdirə bilib.
S.Mirzəzadə daha sonra qeyd edib: “Tərəflər energetika, turizm, inşaat, kənd təsərrüfatı, nəqliyyat və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, işgüzar mühit və iqtisadi maraqlar qarşılıqlı şəkildə istifadə edilməlidir”. O əlavə edib ki, Monteneqro tərəfi Azərbaycan biznesmenlərini bu ölkənin kənd təsərrüfatı, nəqliyyat və infrastruktur layihələrinə sərmayə qoymağa, həmçinin şimal bölgələrində həyata keçirilən inkişaf layihələrində iştirak etməyə dəvət edib.