CƏMİYYƏT
Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun məqaləsi ABŞ-ın impakt faktorlu jurnalında çap olunub
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin Amerika və Gürcüstan alimləri ilə birlikdə həmmüəllifi olduğu “Gürcüstanda baza məlumatları əsasında ehtimal olunan seysmik təhlükənin qiymətləndirilməsi” məqaləsi Amerika Seysmoloqlar Cəmiyyətinin “Seismological Research Letters” jurnalının 91-ci sayının 3-cü nömrəsində çap olunub.
RSXM-in informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məqalənin digər həmmüəllifləri – amerikalı seysmoloq alimlər Tuna Onur, Rengin Gök, Gürcüstandan isə Tea Godoladze, İrakli Gunia, Giorgi Boichenko, Albert Buzaladze, Nino Tumanova, Manana Dzmanaşvili, Laşa Sukhişvili, Zurab Javakişvili, Eric Covgill, Istvan Bondardır.
Jurnalın impakt faktoru 3.888-dir. Həmin jurnal geokimya və geofizika üzrə impakt faktorlu 84 jurnal arasında 17-ci yerdədir.
Jurnal və məqalə ilə https://pubs.geoscienceworld.org/ssa/srl/article-abstract/91/3/1500/583522/Probabilistic-Seismic-Hazard-Assessment-Using linki vasitəsilə tanış olmaq olar.