REGİONLAR
Şimal bölgəsinə səyahət balakənli məktəblilərin ürəyincədir VİDEO
Balakən, 16 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Balakən rayonunun məktəblilərindən ibarət qrup noyabrın 16-da Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşüb.
AZƏRTAC xəbər verir ki, Balakən rayon Mədəniyyət Mərkəzinin qarşısında səhər tezdən böyük qələbəlik hökm sürürdü. Şimal bölgəsinə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün bura toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər gənclərə son tövsiyələrini verirdilər.
Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova dövlətimizin başçısının tövsiyəsi və tapşırığı ilə həyata keçirilən layihənin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, şimal bölgəsinə səyahət balakənli məktəblilərin ürəyincədir. Onlar dörd gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının tarixi məkanları ilə yaxından tanış olacaq, görməli yerlərini gəzəcəklər.
Qrupun rəhbəri, rayon təhsil şöbəsinin məsləhətçisi Cavanşir Alqayev AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” layihəsinin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Tur-aksiyanın iştirakçısı, Balakən şəhərindəki 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi, tarix fənni üzrə Respublika Fənn Olimpiadasının qalibi Fatima Keserovskaya fikirlərini belə ifadə edib: “Belə bir möhtəşəm layihədə iştirak etdiyim üçün sevinc və qürur hissləri keçirirəm. Ölkəmizin şimal bölgəsinə səfər etmək, Quba soyqırımı memorial kompleksində, “Şahdağ” Qış-Yay Turizm Kompleksində olmaq çoxdankı arzum idi. Şübhəsiz ki, bu ekskursiya biz məktəblilərin Azərbaycanın tarixi, ölkəmizin ayrı-ayrı regionları ilə bağlı biliklərinin dərinləşməsinə müsbət təsir göstərəcək”.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusa əyləşib Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşüblər.