REGİONLAR
Şimal bölgəsinin 1200-ə yaxın məzunu Xaçmaz şəhərində biliklərini sınayıb VİDEO
Xaçmaz, 26 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu bölgədən olan 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1195 məzun üç mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə, Əzizəddin Tahirov adına Köhnə Xaçmaz və şəhər 9 saylı tam orta məktəblərində imtahan veriblər.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki bildirib ki, hər üç mərkəzdə imtahanların keçirilməsi üçün ideal şərait yaradılıb. İmtahanlara 122 nəzarətçi müəllim, o cümlədən 9 imtahan rəhbəri cəlb olunub.
İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. İmtahanda abituriyentlərə hər fənnən 25 test tapşırığı olmaqla, ümumilikdə, 125 sual təqdim edilib.
İmtahan Xaçmazla yanaşı, respublikanın daha 10 şəhər və rayonunda, ümumilikdə, 61 binada aparılıb.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.