DÜNYA
“Şinkansen” superekspresinin yeni nəsil vaqonu KİV nümayəndələrinə təqdim edilib
Tokio, 14 dekabr, AZƏRTAC
Yaponiyanın “JR Hiqashi Nihon” dəmir yolu şirkəti kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinə “Şinkansen” superekspresinin sınaqları aparılan yeni nəsil vaqonunu təqdim edib.
“JR Hiqashi Nihon” şirkəti tərəfindən hazırlanan “E956” yeni nəsil qatara daxil olan vaqon ALFA-X adını alıb. Qatarın birinci vaqonunun uzunluğu 16 metrdir. Bu da “Şinkansen” qatarlarının digər nümunələri ilə müqayisədə xeyli uzundur. Məqsəd havanın müqavimətini və tunelə giriş zamanı yaranan gurultunu azaltmaqdır. “JR Hiqashi Nihon” dəmir yolu şirkəti qatarın sürətini saatda 360 kilometrə çatdırmağı planlaşdırır ki, bu da hazırda Tohoku xəttinə xidmət edən E5 superekspreslərindən 40 kilometr-saat sürətlidir.
Şirkətin ön hissəsi daha uzun olan digər bir vaqonu da sınaqdan keçirdiyi bildirilir. Həmin vaqonların hazırlanmasının gələn ilin mayında yekunlaşdırılması nəzərdə tutulur. Bundan sonra sürət, gurultu və rahatlıq sınaqları keçiriləcək. Yeni qatarın 2030-cu ildə istismara buraxılması nəzərdə tutulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio