İDMAN
Şinzo Abe Yay Olimpiya Oyunları zamanı təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb
Tokio, 14 fevral, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunları zamanı terror aktları və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti qurumların lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb.
AZƏRTAC xəbər verir ki, Ş.Abe bu barədə hökumətin müvafiq qrupunun fevralın 14-də keçirilən iclasında məlumat verib. Baş Nazir bildirib ki, Yaponiya ev sahibi ölkə kimi Olimpiya və Paralimpiya oyunları zamanı təhlükəsizliyi təmin etməlidir. Təhlükəsizlik 2020-ci ilin Yay Oyunları və Olimpiya hərəkatının idarə edilməsi zamanı əsas vəzifə kimi qarşıya qoyulmalıdır.
Baş Nazir, həmçinin yayda havanın yüksək temperaturu nəticəsində yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün müvafiq nazirliklərdən Tokio hökuməti və təşkilat komitəsi ilə birlikdə lazımi tədbirlər görməyi də tələb edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio