CƏMİYYƏT
Siqaret və xüsusi kağız bükümlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 16 fevral, AZƏRTAC
Siqaretlər və xüsusi kağız bükümlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana “VAZ-2105” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerindəki örtüyün alt hissəsinə düzülmüş üzərində “Marlboro Edge” sözləri yazılan 2200 ədəd, üzərində “Parliament Silver Blue” sözləri yazılan 400 ədəd, üzərində “R1” sözləri yazılan 200 ədəd siqaretlər və nəqliyyat vasitəsinin mühərrikindən 2400 ədəd üzərində “Qilzı papirosnıe” yazılan tütün doldurmaq üçün xüsusi kağız bükümlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.