REGİONLAR
Şirvan məktəblisi: Qədim Qəbələ şəhəri haqqında oxuduqlarımı burada gözlərimlə gördüm
Qəbələ, 19 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Şirvan şəhər 21 saylı tam orta məktəbin IX sinif şagirdi Cavid İsmayılov AZƏRTAC-a müsahibəsində deyib: “Mən ilk dəfədir Qəbələ rayonuna səfər edirəm. Tur-aksiyanın iştirakçısı olan 440 məktəbli arasında iki gün ərzində sıx əlaqələr yaranıb. Biz hamımız sevinirik ki, ölkəmizi qarış-qarış gəzərək tanıyırıq. Ümumiyyətlə hər bir Azərbaycan vətəndaşı yaşadığı ölkənin bütün bölgələrini tanımalıdır. Bu tur-aksiyanın bizim üçün müsbət cəhətləri çoxdur. Belə ki, ekskursiya zamanı biz bölgəni yaxından tanıdıq. Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhəri barədə tarix kitabında oxuduqlarımı gözlərimlə gördüm. Biz Qəbələdə olarkən sanki keçmişə səyahət etdik. Buradakı tarixi eksponatlar bizə xoş təəssürat bağışladı”.
Cavid İsmayılov bildirib: “Qəbələnin əsrarəngiz gözəlliyi məni heyran etdi. Mən yaşadığım rayona qayıdanda sinif yoldaşlarıma Qəbələdə gördüklərim barədə danışacağam, onlara çəkdirdiyim xatirə şəkillərini göstərəcəyəm. Mən burada İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizi altında keçirilən yaşıllaşdırma aksiyasında fəal iştirak etdim. Qəbələ həm qədim, həm də müasir şəhərdir. İstərdim ki, ailəmizlə birgə yenə buraya gəlim”.