REGİONLAR
Şirvan şəhərində bu ilin altı ayı ərzində görülən işlər müzakirə edilib
Şirvan, 30 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyətində “Şirvan şəhərinin 2022-ci ilin altı ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantıda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının fəalları iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2022-ci ilin altı ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş respublika müşavirəsində çıxışının mühüm məqamlarından danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyi, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyi qeyd olunub. Bildirilib ki, 2022-ci ilin altı ayında şəhər üzrə ümumi məhsul buraxılışı 373 milyon manat olub, sənaye sahələrində məhsulun, görülmüş xidmətlərin 51 faizi və ya 141 milyon 205,2 min manatı dövlət, 49,0 faizi və ya 135 milyon 961,3 min manatı isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edilib. Şirvan şəhərində hər işçiyə hesablanmış orta aylıq əmək haqqının 673,7 manat təşkil etdiyi, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artdığı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində sahəsi 15 min kvadratmetr olan ikinci həyətin müasir memarlıq üslubunda abadlaşdırıldığı, 123 küçə və prospektin işıqlandırıldığı, hər il 613 ədəd olmaqla Xocalı soyqırımı qurbanlarının xatirəsinə ağac əkildiyi vurğulanıb. Hər ayın sonuncu həftəsinin cümə axşamı aidiyyəti qurumların nümayəndələri ilə Şirvan Şəhidlər xiyabanında şəhid məzarlarının ziyarət edildiyi, “Şəhid Anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüşlərin keçirildiyi, onların qayğıları ilə maraqlanıldığı, Vətən müharibəsi şəhidlərinin xatirəsinin daim əziz tutulduğu, adlarının əbədiləşdirildiyi, şəhərin mərkəzində quraşdırılmış müasir tipli monitorda Şirvan şəhidlərinin fotoları, avtobioqrafiyaları, döyüş yolu və xidmətləri barədə məlumatların mütəmadi təbliğ edildiyi, Şirvan Şəhidlər xiyabanında yenidənqurma işlərinin davam etdirildiyi qeyd olunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hesabat dövrü ərzində 471 yeni iş yerinin açıldığını, 42 nəfərin “Özünüməşğulluq proqramı”na cəlb olunduğunu, icra hakimiyyəti başçısı tərəfindən 15 səyyar qəbul-görüşdə 926 nəfərin iştirak etdiyini, 97 nəfər vətəndaş tərəfindən qaldırılan 127 müxtəlif təklif və problemin həll olunduğunu bildirib. Yığıncaqda şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrin şirvanlılar tərəfindən rəğbətlə qarşılandığı qeyd edilib. Dövlətimizin başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının, tapşırıq və tövsiyələrinin bundan sonra da ardıcıl həyata keçiriləcəyi, şirvanlıların ölkəmizin hərtərəfli inkişafına yeni töhfələr verəcəyi, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan müstəqil dövlətçilik strategiyasının davam edəcəyinə inam ifadə olunub.
Yığıncaqda Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər Statistika İdarəsinin rəisi Rövşən Yolçuyev, Şirvan Şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamil Əhmədov, “Şirvan Araz zavodu” MMC-nin direktoru Rəhman Mehdiyev çıxış edərək 2022-ci ilin altı ayında ölkəmizin və Şirvan şəhərinin sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışıb, Şirvan şəhərində aparılan abadlıq, quruculuq işlərini, infrastruktur layihələrinin əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar.
Yığıncaqda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilən bir qrup gəncə partiyaya üzvlük vəsiqəsi təqdim edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2022-ci ilin altı ayının sosial-iqtisadi inkişafında, uğurların əldə edilməsində və şəhərin ictimai həyatında fəaliyyəti ilə fərqlənən bir qrup şəhər fəalına şəhər icra hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.