Şirvanda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb
AzerTAg.az
Şirvan, 31 mart, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Şirvan Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin və “Şəhid anası” memorial abidə kompleksinin önünə tər gül dəstələri düzüblər.
Sonra “Şəhid anası” memorial abidə kompleksinin önündə 31 Mart - Azərbaycanlıların soyqırımına həsr olunan xatirə lövhəsinin önündə faciə qurbanlarının və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov anım mərasimində çıxış edərək, ermənilərin Azərbaycan xalqına qarşı 200 ilə yaxın dövrü əhatə edən soyqırımı siyasəti haqqında məlumat verib. Xalqımızın ermənilər tərəfindən təkcə ötən əsrdə 4 dəfə soyqırımına və deportasiyaya məruz qaldığı xatırladılıb. Minlərlə azərbaycanlının xüsusi amansızlıqla, görünməyən işgəncələrlə qətlə yetirildiyi, on minlərlə insanın yurd-yuvasından didərgin salındığı, yüzlərlə kəndimizin yandırılaraq xarabalığa çevrildiyi, memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscid və digər abidələrin dağıdıldığı söylənilib.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1918-ci ilin mart qırğınlarına dövlət səviyyəsində siyasi qiymət verildiyi diqqətə çatdırılıb.
Millət vəkilləri Musa Quliyev, İltizam Yusifov, şəhid atası Alim Zülfüqarlı 31 Mart soyqırımının dünyada tanıdılmasından bəhs edib, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından söz açıblar. Həmçinin 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərdən, ölkəmizin hərbi, iqtisadi sahədə qüdrətlənməsindən bəhs olunub.
Sonra şəhid ailələri ilə görüş keçirilib, onları narahat edən məsələlər dinlənilib. Qaldırılan məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, bir qisminin həlli ilə bağlı göstərişlər verilib, digərləri ilə bağlı yerində qanunamüvafiq izahat təqdim olunub.








Xəbərin mətnində orfoqrafik səhv var