Şirvanda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
AzerTAg.az
Şirvan, 31 mart, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhərində “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında təşkil olunan aksiyada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatları Musa Quliyev, İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİHB yanında Şura üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin nümayəndələri iştirak edib. Aksiya zamanı ərazidə 150-yə yaxın ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb. Görülən işlər bir daha onu göstərir ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şirvan şəhər ictimaiyyəti də ağacəkmə aksiyalarında fəal iştirak edərək ətraf mühitə öz töhfəsini verir. Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına və sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.








Xəbərin mətnində orfoqrafik səhv var