REGİONLAR
Şirvanda yol polisi tərəfindən profilaktik tədbirlər həyata keçirilib
Şirvan, 19 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizlik məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbirlər zamanı yol polisi əməkdaşları təhlükəsizlik kəmərini taxmayan, səs siqnallarından düzgün istifadə etməyən, eləcə də nəqliyyat vasitələrində konstruksiya dəyişiklikləri olan sürücüləri saxlayaraq onlarla maarifləndirici söhbətlər aparıblar, yol verdikləri qayda pozuntuları barədə məlumatlar veriblər.
Həmçinin tədbirlər zamanı yol patrul xidmətinin inspektorları sərnişindaşıma ilə məşğul olan minik avtomobillərinin sürücüləri ilə də profilaktiki söhbətlər apararaq, nəqliyyat vasitələrində şəffaf arakəsmələrdən mütləq qaydada istifadə edilməsini və sərnişinlərin yalnız arxa oturacaqlarda daşınmasının vacibliyini diqqətə çatdırıblar.
Profilaktik tədbir zamanı qaydaları pozan sürücülər də aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb və təyin olunmuş qaydalara ciddi riayət etmələri tapşırılıb.