REGİONLAR
Siyəzən rayonunda orqanik gübrə istehsalına başlanılıb VİDEO
Siyəzən, 27 avqust, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonunda kənd təsərrüfatı sahəsində istifadə olunan orqanik gübrə istehsalına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, quş peyinindən hazırlanan orqanik gübrə torpağın məhsuldarlığına və məhsulun keyfiyyətinə müsbət təsir göstərir.
Müasir istehlakçı məhsulun keyfiyyəti ilə yanaşı, onun ekoloji vəziyyəti və istehsal prosesinin gedişatı ilə də yaxından maraqlanır. Məhz buna görə də fermerlər bağlarda və əkin sahələrində daha çox orqanik gübrələrə üstünlük verirlər. Üzvi gübrələrin istifadəsi yetişdirilən məhsulların ekoloji təmizliyinə zəmin yaradır və təbii şəkildə inkişafına kömək edir.
Siyəzən rayonu ölkəmizdə quş əti istehsalına görə ilk yerlərdən birini tutur. Burada quş peyinindən gübrə istehsalı üçün də ideal şərait var. Bunu nəzərə alan mütəxəssislər orqanik gübrənin istehsalına başlayıblar.
Mütəxəssis Anar Abbasov bildirir ki, gübrənin hazırlanması xüsusi sahədə həyata keçirilir. Toyuq damlarından götürülən peyin çürümə mərhələsindən sonra mayalandırılır. Əsas məqsəd çürüntünün tərkibində karbonun səviyyəsini azaldaraq, havada olan faydalı bakteriyaların peyinə qatışmasına şərait yaratmaqdır. Bu formada hazırlanan orqanik gübrə torpağın mineral tərkibini zənginləşdirir və məhsuldarlığı artırır.
Gələcəkdə rayonda orqanik gübrə istehsal edən zavodun qurulması da nəzərdə tutulub. Təbii gübrənin istehsal həcminin artması xaricdən idxalın qarşısını alacaq.
Gübrəni sənaye üsulu ilə istehsal etmək onun tərkibinin zənginliyinə təsir göstərməyəcək. Amma sənaye üsulu tətbiq olunduqdan sonra indi 4-5 aya istehsal edilən orqanik gübrəni cəmi bir həftə ərzində hazırlamaq mümkün olacaq.
Siyəzəndə istehsal olunan orqanik gübrə digərlərindən daha məhsuldardır. Bu nəticə laboratoriya yoxlamaları və təcrübələr əsasında qeydə alınıb. Hazırda rayon təsərrüfatçıları bu vacib elementdən əkin və bağ sahələrinin daha məhsuldar olması üçün istifadə edirlər.
Təsərrüfatçı Tural Sərdarov deyib ki, şoranlaşmış 100 hektara yaxın ərazini orqanik gübrə sayəsində əkinəyararlı hala gətirə bilib. Həmin sahədə bağlar salınıb, qarğıdalı və soya bitkisi becərilir.
Siyəzəndə orqanik gübrə istehsalına başlanılması rayon ərazisində şoranlaşan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə modern emal müəssisələrinin yaradılması istiqamətində mühüm əhəmiyyətə malikdir.