CƏMİYYƏT
Skaut Raxşan Pereyra: Bakı konfransı yüksək səviyyəli təşkilatçılığı ilə fərqlənir
Bakı, 18 avqust, AZƏRTAC
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının belə yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Buradakı insanlar çox qonaqpərvər olmaqla yanaşı, həm də mehribandırlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində konfransın Şri-Lankadan olan iştirakçı Raxşan Pereyra deyib.
“Azərbaycanın mədəniyyətini, mətbəxini çox bəyəndim. Mətbəxiniz də musiqiniz kimi zəngindir. Yaradılan bütün şəraitdən razı qaldıq. Azərbaycan hökuməti bu tədbirin təşkil olunmasına böyük dəstək göstərib. Başqa ölkələrdə keçirilən konfranslarla müqayisədə Bakıdakı konfrans daha yüksək səviyyədə təşkil olunub. Özümüzü çox rahat hiss edirik. Şəhərin quruluşu, möhtəşəm binalar, paytaxtınızın gözəlliyi və qonaqpərvər insanlar məni yenidən Azərbaycana qayıtmağa həvəsləndirir. Bir sözlə, Azərbaycandan xoş təəssüratlarla qayıdacağam”, - deyə Raxşan Pereyra bildirib.