İQTİSADİYYAT
“Smiths Detection” şirkəti Gömrük Komitəsini 11 müasir rentgen kompleksi ilə təmin edib
Bakı, 19 yanvar, AZƏRTAC
“Smiths Detection” şirkəti Dövlət Gömrük Komitəsini yüklərin yoxlanılması üçün 11 müasir rentgen kompleksi ilə təmin edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dünya bazarında təhlükəsizlik texnikası avadanlığı sahəsində lider olan, Böyük Britaniyanın tanınmış “Smiths Detection” texnologiya qrupuna daxil olan Almaniyanın “Smiths Heimann GmbH Wiesbaden” şirkətinin nümayəndə heyəti ilə görüşü zamanı deyib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev “Smiths Detection” şirkəti ilə son 5 ildə həyata keçirilən mükəmməl əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, bu əməkdaşlıq çərçivəsində “Smiths Detection” şirkəti Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini yüklərin yoxlanılması üçün 11 müasir rentgen kompleksi ilə təmin edib. Rentgen kompleksləri Azərbaycan sərhədlərində qadağan olunmuş malları aşkar etmək üçün yük avtomobilləri və dəmir yollarında yoxlamalar aparılmasında istifadə olunur. Belə ki, ötən il ərzində Azərbaycan gömrük orqanları “Smiths Detection” şirkətinin quraşdırdığı avadanlığın köməyi ilə 1100 kiloqramdan artıq narkotik maddə aşkar ediblər.
Sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük əməkdaşlığının inkişaf etdirilməsində xidmətlərinə görə “Smiths Detection” şirkətinin nümayəndəsi Volter Knöpselə Azərbaycan Gömrük Xidmətinin döş nişanını təqdim edib.
Komitə sədri qarşıdakı illərdə də “Smiths Detection” şirkəti ilə əməkdaşlığın inkişaf etdiriləcəyinə, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olacağına ümidvar olduğunu bildirib.