REGİONLAR


Soğan yığımı davam edir - sahədə bir kiloqramı 20-25 qəpiyə təklif olunur

Ağdam, 10 avqust, AZƏRTAC

Qarabağ-Aran regionunda fermerlər yazda əkilmiş soğanın yığımını davam etdirirlər.

Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyasının sədri Vüqar Babayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2020-ci ilin məhsulu üçün Qarabağ-Aran regionunda, ümumilikdə, 1400 hektar sahədə payızlıq, 1200 hektarda isə yazlıq soğan əkilib. Payızda əkilən soğan aprel-may aylarında yığılıb. Yazda əkilən soğan isə avqust ayında yığılır.

V.Babayev deyib ki, artıq yazda əkilən soğan sahələrinin 20 faizində məhsul yığımı başa çatıb. "İşlərini xüsusi karantin rejiminin tələblərinə uyğun quran təsərrüfatçılar topladıqları məhsulu birbaşa sahələrdən satırlar. Yazda əkilən soğanı qışa saxlamaq mümkün olduğu üçün məhsulun bir qismi də anbarlara daşınır. Pandemiya ilə əlaqədar olaraq istehsal olunan soğanın xarici ölkələrə ixracı azalıb. Ölkə daxilində restoran və şadlıq evlərinin fəaliyyət göstərməməsi də satışa öz təsirini göstərir. Odur ki, soğanın qiyməti ötən illə müqayisədə aşağıdır. İstehsal edilən məhsul xaricə ixrac edilərsə, fermerlər də mənfəət əldə edərlər", - deyə o bildirib.

Uzun illərdir soğan istehsalı ilə məşğul olan Ağdam rayonu Qaradağlı kənd sakini İxtiyar Ağaməmmədovla sahədə həmsöhbət olduq. Soğan bitkisinin becərilməsinin çox zəhmət tələb etdiyini bildirən fermer deyib: "Soğan çox əziyyətlə başa gələn məhsuldur. Əkilməsindən məhsul yığımınadək gərək əziyyətin çəkəsən, “nazı” ilə oynayasan. Lakin necə deyərlər, halal zəhmətin bəhrəsi şirin olur. Bu gün çəkdiyimiz zəhmətin bəhrəsini götürürük. Məhsuldarlıqdan razıyıq. Qiymətlər isə keçən illə müqayisədə bir qədər ucuzdur. Sahədə soğanın bir kisəsi 7-7,5 manata, kiloqramı isə 20-25 qəpiyə satılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.