REGİONLAR
Son illər Azərbaycanda təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər qazanılıb
Lənkəran, 23 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 23-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyi və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyətin təminatı” mövzusunda ikigünlük respublika elmi konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda LDU-nun müəllim və tələbələri ilə yanaşı, Bakı Dövlət, İqtisad, Neft və Sənaye, Pedaqoji, Mədəniyyət və İncəsənət, Aqrar, Qafqaz, Sumqayıt, Gəncə universitetlərinin, Lənkəran Humanitar Kollecinin müəllimləri, elm və təhsil işçiləri iştirak ediblər.
Respublika elmi konfransının birinci günü plenar iclasda Lənkəran Dövlət Universitetinin rektor vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimovun “Ali təhsildə keyfiyyətin təminatı”, Bakı Dövlət Universitetinin professoru Yusif Qasımovun “Ali təhsildə keyfiyyətin təminatında elmi tədqiqatların rolu” mövzusunda məruzələri dinlənilib.
Hər iki məruzə ətrafında müzakirələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin professorları Şaiq Əsgərov və Zahid Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Qasım Məmmədov, Lənkəran Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsini icra edən professor Yədulla Ağazadə, Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri arasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş istiqamətdə genişmiqyaslı tədbirlər nəzərdə tutulub.
Bildirilib ki, son illər Azərbaycanda təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Ölkəmizdə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Boloniya prosesinin tətbiqinin genişlənməsi ali təhsilin keyfiyyətinə diqqəti artırır və təhsil islahatlarının həyata keçirilməsi istiqamətində aparılan işləri daha da sürətləndirir.
Diqqətə çatdırılıb ki, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası prosesinin sürətləndirilməsi, ali təhsilin məzmununun Boloniya prinsiplərinə uyğun aparılması, yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, eləcə də əhaliyə müasir tələblər səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması ali təhsil müəssisələri qarşısında duran ən mühüm vəzifələrdir.
Sonra tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Günün ikinci yarısında konfrans işini bölmə iclaslarında davam etdirib.