REGİONLAR
Son üç ildə Qazaxda taxıl əkini sahələri 4955 hektar artırılıb
Qazax, 25 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Cari ildə Qazaxda 20633 hektar əkin aparılıb. Gələn il isə rayonda 21476,30 hektar əkin aparılması nəzərdə tutulub. Bu, son 3 ilin statistik göstəriciləri ilə müqayisədə 4955,7 hektar çoxdur.
Qazax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu illər ərzində rayonda taxıl əkini üzrə daha çox artım qeydə alınıb. Belə ki, 2016-cı ildə rayon üzrə 7820 hektar taxıl əkilib. Bunun 5559 hektarını buğda, 2261 hektarını isə arpa təşkil edib. 2017-ci ildə isə 11040 hektar taxıl sahəsinin 8289 hektarında buğda, 2751 hektarında arpa əkilib.
Cari ildə də taxılçılıqda uğurlu nəticələr qeydə alınıb. Taxıl sahələri genişləndirilərək 9102 hektarda buğda, 3527 hektarda arpa əkilib. Sahələrdən 33309,5 ton buğda, 8676,7 ton arpa yığılıb. Rayon üzrə buğda sahələrində orta məhsuldarlıq 36,6 sentner, arpa sahələrində isə 24,6 sentner olub.