“Son zamanlar həsirdən hazırlanan məmulatlara maraq artıb” – həsirçi VİDEO
AzerTAg.az

Masallı, 31 yanvar, İlkin Adıyev, AZƏRTAC
Masallı rayon Musaküçə kənd sakini Rəqsanə Abıyeva uzun illərdir həsir toxumaqla yanaşı, həsirdən zənbil, müxtəlif formalı səbətlər və digər məmulatlar da hazırlayır.
O, AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində həsirçilik sənətini valideynlərindən öyrəndiyini deyib.
“Əvvəllər bizim kənddə həsir toxuyanlar var idi. Təxminən kəndimizdə otuzdan çox ailə bu sənətlə məşğul idi. Həmçinin bizim ailə də. Çünki o zamanlar həsirdən hazırlanan məmulatlara tələbat həddindən çox idi”, – deyə Rəqsanə Abıyeva bildirir.
Həsirdən hazırlanan zənbillər, səbətlər, çantalar, saxsı qablar üçün tutacaqlar, asılqanlar və digər məmulatlardan bu gün də geniş istifadə olunur. Əlbəttə ki, indi həsirdən hazırlanan bir çox əşyalar forma və dizayn baxımından daha dekorativ və cəlbedicidir.
Müsahibimiz deyir ki, belə məmulatlar toxumaq üçün isti aylarda kəndin qırağındakı çaydan qamış, qarğı, lığ, pizə kimi bitkilər yığılır: “Onlar təxminən bir aya quruyur. Quruyub tünd sarı rəng alandan sonra ya həsir, zənbil, ya da başqa məmulat toxuyuruq. Həsirdən hazırlanan zənbil həm çox yük tutur, həm də gündəlik məişətdə istifadə edilən polietilen torbalardan daha zərərsizdir."
Rəqsanə Abıyeva bildirir ki, son zamanlar bu məmulatlara yenidən maraq artıb. Hətta cavanlar da zənbillərdən istifadə etməyə başlayıblar. Bəzi ailələr də var ki, nişanlı qızlar üçün xonçanı ya həsir səbətdən, ya da zənbildən düzəldirlər. Ona görə də maraqlı formalı səbətlər hazırlamağa üstünlük verir.
Bir zənbil ölçüsündən asılı olaraq iki günə, bir səbət isə bir günə hazır olur.
Həsirçinin əl işlərinin əsas alıcıları rayona gələn xarici turistlərdir. Yerli sakinlər isə ən çox zənbil və səbət alırlar.
Zənbillərin qiyməti ölçüsündən asılı olaraq 5-10 manat, səbətlərin qiyməti isə 3-8 manat arasındadır.
Rəqsanə Abıyeva həsirçiliyi gələcək nəsillərə ötürmək istəyir. Elə buna görə də bu sənətin sirlərini qızına da öyrədir.
Xəbərin mətnində orfoqrafik səhv var