CƏMİYYƏT
Sosial Xidmətlər Agentliyinin sədri Cəlilabadda vətəndaşların müraciətini dinləyib
Bakı, 17 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Cəlilabadda vətəndaşların müraciətlərinə cavab verib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Cəlilabad, həmçinin Neftçala və Biləsuvar sakinlərinin qəbulu zamanı 60-a yaxın vətəndaşın fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə əlaqədar müraciətləri dinlənilib.
Agentlik sədri müraciətlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaş müraciətlərinin dinlənilməsi onların yerində araşdırılaraq həll edilməsinə dəstək göstərmək məqsədilə həyata keçirilir.
Onu da qeyd edək ki, bu ilin mayından etibarən başlanan qəbul prosesi ərzində artıq 18 rayondan 250-dən çox sakinin müraciəti dinlənilib.