CƏMİYYƏT
Sosial cəhətdən həssas əhali qrupları əmək bazarına daxil ediləcək
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Azərbaycanda Məşğulluq Xidməti orqanlarının gücləndirilməsi. V hissə. Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi üçün əməyin idarə edilməsi institutları” mövzusunda təlim kursu başlanılıb.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev kursun məqsədi barədə məlumat verib.
O, deyib: “Beynəlxalq Əmək Təşkilatının təşkil etdiyi kursun əsas məqsədi sosial cəhətdən xüsusi yardıma ehtiyacı olan əhali qrupunun məşğulluğunun təmin olunması ilə əlaqədardır. Tədbir çərçivəsində beynəlxalq ekspertlər tərəfindən Dövlət Məşğuluq Xidməti və Məşğulluq Mərkəzlərinin əməkdaşları üçün təlim proqramları hazırlanacaq. Məqsəd əlillərin, gənclərin, pensiya yaşına iki il qalan şəxslərin əmək bazarına inteqrasiyası və onların işə düzəlməsinə kömək göstərilməsi ilə bağlı mexanizmlər barədə məlumat verməkdir”.
Nazir müavini bildirib ki, son vaxtlar ölkəmizdə qəbul olunan “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya müvafiq qəbul edilən qanunlara əsasən sosial müdafiəyə ehtiyacı olanlar üçün bir sıra təminatlar var və Dövlət Məşğulluq Xidməti onların hüquqlarının həyat keçirilməsi üçün bir sıra zəruri tədbirlər görməlidir.
Anar Əliyev qeyd edib ki, bu sahədə işəgötürənlərin də üzərinə mühüm vəzifələr düşür və müvafiq kvotalar çərçivəsində həmin təbəqələrdən olanlar işə qəbul etməlidirlər. Ümid edirik ki, gələn ildən sosial cəhətdən həssas əhali qrupunun əmək bazarına daxil olması sahəsində çox ciddi addımlar atılacaq.