SİYASƏT
Strasburqda Türkiyədə əsrin fəlakətindən sonra bərpada həmrəyliyin rolu mövzusunda tədbir təşkil olunub VİDEO
Strasburq, 27 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Türkiyənin qurumdakı nümayəndə heyəti tərəfindən “Türkiyə əsrin fəlakətindən sonra: faktlar, təsirlər və bərpada həmrəyliyin rolu” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə parlamentarilər, Azərbaycan nümayəndə heyətinin üzvləri, yerli jurnalistlər və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə zəlzələnin nəticələrini əks etdirən sənədli film nümayiş olunub, iştirakçılara zəlzələ baş vermiş region haqqında statistik məlumatlar verilib.
Türkiyə nümayəndə heyətinin rəhbəri Ahmet Yıldız bu ilin fevralında baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasında, eləcə də koordinasiya işləri və ilkin yardımların göstərilməsi haqqında ətraflı məlumat verib. Bu təbii fəlakətin bütün ölkələri səfərbər etdiyi qeyd olunub. Avropa Şurasına üzv dövlətlərin Türkiyənin çətin vəziyyətində dərhal yardıma gəldikləri vurğulanıb. Bildirilib ki, 11 şəhəri əhatə edən fəlakət zonasında 15 milyon insan zəlzələnin dağıdıcı nəticələrinin təsirinə məruz qalıb.
Tədbirdə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılmasında könüllülərin rolu, təbii fəlakətin daha çox təsir etdiyi qadın və uşaqların taleyi, onlara ilkin yardım göstərilməsi barədə danışılıb.
Diqqətə çatdırılıb ki, zəlzələnin təsirinə məruz qalmış insanlara yardım məqsədilə 10 dəstək mərkəzi tikilməkdədir və bu mərkəzlər tərəfindən 1,5 milyon insana yardım göstəriləcək. İlk dəstək mərkəzinin may ayında Kahramanmaraşda istifadəyə veriləcəyi bildirilib.
Təşkilatçılar Türkiyənin çətin günlərində onun yanında olmuş ölkələrə təşəkkürlərini ifadə ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq