CƏMİYYƏT
Su nəqliyyatı vasitələrindən qanunsuz istifadə halları aşkar edilib
Bakı, 11 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xəzər dənizinin sahilboyu ərazilərində su nəqliyyat vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə yeddi ədəd su nəqliyyatı vasitəsinin (Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən Novxanı çimərliyində iki ədəd hidrosikl və bir ədəd mühərrikli taxta qayıq, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Zuğulba çimərliyində bir ədəd dövlət qeydiyyatından keçməmiş hidrosikl, Türkan qəsəbəsindəki Türkan çimərliyində bir ədəd katamaran, Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Bilgəh çimərliyində bir ədəd hidrosikl və Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Hövsan çimərliyində bir ədəd mühərrikli taxta qayığın müvafiq nəzarət qaydalarına əməl olunmadan istifadə edildiyi müəyyən edilib. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.