REGİONLAR
Su quyuları ilə tanınan Muğanlı kəndi VİDEO
Ağstafa, 2 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Bölgələrimizdə az sayda olsa da, elə kəndlərimiz var ki, orada köhnə, dədə-baba üsulu ilə işləyən su quyuları bu günə kimi qorunub saxlanılır. Belə yaşayış məntəqələrimizdən biri də Ağstafanın Muğanlı kəndidir.
AZƏRTAC xəbər verir ki, Muğanlı kəndində bir çox həyətdə su quyularına rast gəlmək olur. Kənd sakinlərinin əksəriyyəti bu gün də dədə-baba üsulu ilə düzələn su quyusundan istifadə edirlər.
Bu quyuların suyu qışda ilıq, yayda sərin olur. Dərinliyi isə elə də çox deyil. Cəmi 5-6, hətta bəzi evlərin həyətindən 4 metrlikdən də su çıxır. “Bu quyunun suyu çox yaxşıdır. Kəndimizdə bir neçə belə quyu var. İndi hava soyuq olsa da, quyunun suyu ilıqdır. Yayda isə suyu çox sərin olur. Suyu soyuducuya qoymağa ehtiyac qalmır. Bəzi yerlərdə quyular çarxla işlədilir. Amma müəyyən yerlər də var ki, orada quyulara motor qoyulub, yəni müasirləşdirilib. Bu quyuların suyundan həyətyanı torpaqların suvarılması üçün də istifadə edilir” – deyə kənd sakini İsgəndər Nəsibov bildirib.
Kənd sakini Qurban Yusibovun həyətindəki su quyusu 40-50 il bundan öncə qazılıb. Hələ də işlək vəziyyətdədir və suyu dədə-baba üsulu ilə çıxarır. “Quyunun suyu içməyə yararlıdır. Yaxşı samovar çayı olur. Əlavə xərc çəkib su almağa da ehtiyac yoxdur”, - deyə Q.Yusibov əlavə edib.
Yay aylarında havaların isti keçdiyi vaxtlarda quyunun suyu nisbətən azalsa da, bu, sakinləri narahat etmir. Çünki fəsil dəyişdikcə quyudakı suyun səviyyəsi yenidən qalxır.