SİYASƏT
“Sülh və Qarabağ üçün səslər” kampaniyası davam edir
Bakı, 29 dekabr (AZƏRTAC). Xaricdə təhsil alan və məzun olmuş tələbələr vasitəsilə Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal olunmasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını, beynəlxalq aləmdə ölkəmizin müsbət imicini formalaşdırmağı özünün ən vacib vəzifələrindən biri elan etmiş ASAIF bu məqsədlə fərqli layihələrlə çıxış edir.
Təşkilatın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ASAIF-in “Sülh və Qarabağ üçün səslər” (“Voices for Peace, Voices for Karabakh”) kampaniyası keçən il Şuşanın işğal günündə başlanmışdır. Kampaniyanın əsas məqsədi dünya ictimaiyyətinin diqqətini təkcə Qarabağ müharibəsinin günahsız qurbanlarına deyil, həmçinin dünyada davam edən digər münaqişələrə də yönəldərək doğma yurdlarından didərgin salınmış və köçkün həyatına məhkum edilmiş minlərlə insanın taleyi barədə düşünməyə və hərəkətə keçməyə dəvət etməkdir.
Beynəlxalq miqyasda Azərbaycanın dilbər guşələrindən olan Qarabağın tarixini, dəyərlərini təbliğ etmək, cəmiyyətdə ona böyük bir bağlılıq yaratmaq və müxtəlif rənglər ətrafında birləşərək fərqli layihələrlə iştirak edərək siyasi, iqtisadi, sosial, ictimai, mədəni fəaliyyət göstərərək gəncliyin rəğbətini qazanmaq kampaniyanın yekunda arzu etdiyi nəticələrdir.
Kampaniyanın builki fəaliyyəti Azərbaycan Diplomatik Akademiyasında “Voices for Khankendi” sərgisi ilə başlamış və artıq dünyanın 10-dan ölkəsində keçirilmişdir.
ASAIF-in üzvlərinin və onların xarici dostlarının iştirakı ilə keçirilən kampaniya çərçivəsində Türkiyə, Rusiya, Avstriya və Şimali Kipr də daxil olmaqla dünyanın müxtəlif guşələrində insanları sülhə və birliyə çağıran və bununla da ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldən tədbirlər təşkil olunmuşdur.
Xocalı faciəsinin acı nəticələri ingilis və alman dillərinə tərcümə edilmiş və kitabçalar şəklində insanlara paylanılmışdır. Ölkələrdə yerli əhali və xarici turistlər bu aksiyaya öz müsbət münasibətlərini bildirmişlər.
Kampaniya Çində Natiq Xəlilov, Dubayda Rauf Qaralov, İtaliyada Fərid Abbasov və Leyla Abışova, Ukraynada bu ölkədə fəaliyyət göstərən Ukrayna Azərbaycanlı Gəncləri Birliyinin rəhbər heyəti və üzvləri, xüsusilə Anar Tahirov və Cavid Hüseynzadə, Fransada Tural Əliyev və İndoneziyada isə Elmar İskəndərov tərəfindən təşkil olunur və həyata keçirilir.
Kampaniyanın əlaqələndiricisi təşkilatın sədri Ramin Həkimovdur.
İşin gedişi ilə bağlı müfəssəl məlumatı, həmçinin foto və videomateriallarını sosial şəbəkələrdən, o cümlədən http://www.facebook.com/voicesforkarabakh, http://instagram.com/voices_for_karabakh, http://www.youtube.com/watch?v=1tT0DlEucOs əldə etmək olar.