İQTİSADİYYAT
“Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində yolun təmirinə başlanılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci kilometrində “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində olan yolun təmirinə başlanılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 metrlik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 metrlik məsafəni əhatə edir. Ümumilikdə isə təmir işlərinin aparıldığı sahə 17 min kvadratmetrə yaxındır.
Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu çıxarılır və yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bəzi ərazilərdə yolun hərəkət hissəsi genişləndirilir. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Təmir işlərinin ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərtilə qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.