REGİONLAR
Sumqayıt Dövlət Universitetində “BİR” Tələbə-Könüllü proqramı təqdim olunub
Sumqayıt, 30 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Oktyabrın 30-da Sumqayıt Dövlət Universitetində (SDU) I kurs tələbələri üçün Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev “BİR” Tələbə-Könüllü proqramı haqqında məlumat verib. Bildirib ki, layihə ölkədə vahid tələbə könüllü bazasının yaradılması, könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətini stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb.
Qeyd edilib ki, ölkəmizdə bir çox genişmiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər mühüm rol oynayırlar. Proqram gənclərin asudə vaxtlarının maraqlı və səmərəli keçməsinə xidmət edir.
Sumqayıt Dövlət Universitetinin könüllü tələblərinin beynəlxalq və ölkə daxili tədbirlərdə fəal iştirakından danışan N.İbayev hər bir tələbəni fəal olmağa çağırıb.
Təqdimat iştirakçıları “BİR” Tələbə-Könüllü Proqramının 2018-ci il üzrə hesabatını əks etdirən videoçarxı izləyiblər.
Proqramın əlaqələndiricisi Ağa Səlimov tələbələrin böyük maraqla qatıldığı təqdimatda iştirakçılara “BİR” Tələbə-Könüllü Proqramı, ölkəmizdə könüllülük fəlsəfəsi, proqramın əsas istiqamətləri və proqramın fəaliyyətlərində iştirak imkanları, “BİR” könüllü olmağın üstünlükləri haqqında məlumat verib. Bildirilib ki, ölkəmizdə irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər böyük rol oynayır.
Təqdimatın aparıcısı Əli Faiq Mirzə tələbələri “Bir” Tələbə-Könüllü Proqramına qoşulmağa çağırıb. O, bu proqramın gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etmək, tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, yeni dostlar qazanmaq imkanlarını yaradacağın diqqətə çatdırıb.
Təqdimatın sonunda “BİR” Tələbə-Könüllü Proqramı haqqında videoçarx nümayiş etdirilib, maraqlı oyunlar keçirilib, tələbə-gənclərin proqramla bağlı sualları cavablandırılıb.
İnteraktiv üsulla keçirilən təqdimatda tələbələr könüllülük haqqında fikirlərini bölüşüb, yaradıcı təşəbbüslərlə çıxış ediblər.