REGİONLAR
Sumqayıt Dövlət Universitetinin kollektivi Yeni ili xoş ovqatla qarşılayır
Sumqayıt, 28 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dekabrın 28-də Sumqayıt Dövlət Universitetində (SDU) bayram əhval-ruhiyyəsi hökm sürürdü.
AZƏRTAC xəbər verir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilən tədbirdə ali məktəbin rektoru, professor Elxan Hüseynov kollektivi qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb. O, bu əlamətdar günün əhəmiyyətindən, dünya azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs edib. Bildirilib ki, həmrəylik günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Rektor bu tarixi günün qeyd olunmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsindən və bununla bağlı uğurlu dövlət siyasətindən danışıb.
Sumqayıt Dövlət Universitetində 2018-ci ildə görülən işlərdən və əldə olunan nailiyyətlərdən söhbət açan rektor ali məktəbin tələbələrinin iştirak etdikləri beynəlxalq konfrans, intellektual oyun və yarışlarda fərqləndiklərini, uğur qazandıqlarını vurğulayıb. O, 2019-cu ilin də uğurlu il kimi yadda qalacağına əminliyini bildirib.
Tədbir universitetin “Səma” rəqs ansamblının, eləcə də tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam edib.