REGİONLAR
Sumqayıt Gənclər Evi könüllülük müsabiqəsi elan edib
Sumqayıt, 20 sentyabr, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evi könüllülük müsabiqəsi elan edib.
Müsabiqənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şəraitin yaradılması, sosial fəaliyyətlərinin artırılması, bilik və yaradıcılıq potensiallarının üzə çıxarılması, könüllülük hərəkatına dəstək olmaqdır.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, könüllülər, həmçinin Sumqayıt Gənclər Evində keçirilən seminar, təlim, kompüter kursları, ingilis və rus dillərində danışıq klublarında, intellektual oyunlar, tur gəzintiləri, bayram tədbirləri və flaşmoblarda iştirak edəcəklər.
Müsabiqə təşkilati işlər və müəllim köməkçisi istiqamətləri üzə 14-29 yaşarası gəncləri əhatə edir.
Müəllim köməkçisi istiqamətində müraciət edəcək könüllülərin pedaqoji təhsili olması zəruridir. Könüllülük xidməti təşkilati işlər üzrə 3 ay, müəllim köməkçisi kimi isə 4 ay müddətinə nəzərdə tutulub. Könüllülük fəaliyyətinin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətlər üzrə sertifikatı təqdim ediləcək.
Müraciət etmək istəyənlər oktyabrın 28-dək CV-lərini [email protected] elektron ünvanına göndərə və ya Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə, Gənclər Evinə şəxsən təqdim edə bilərlər.