REGİONLAR
Sumqayıt məktəblisi: Bu ekskursiya tariximizi, mədəniyyətimizi daha dərindən öyrənməyə kömək edir
Quba, 15 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba və Qusarı çox bəyəndim. Azərbaycanın hansı bölgəsinə getsək, tarixin silinməz izlərinə rast gələ bilərik. Qusarda Şeyx Cüneyd türbəsi, Şahdağ Turizm Mərkəzi, Qubada isə Cümə məscidi, Qırmızı Qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi, “ABAD Factory” İstehsalat Kompleksi, Tağlı körpü və başqa yerlərdə olduq. Hər bir məkan haqqında ətraflı məlumatlar aldıq. Mən tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Bu ekskursiya tariximizi, mədəniyyətimizi daha dərindən öyrənməyə kömək edir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Aidə Adıgözəlova söyləyib.
Sumqayıt şəhər 23 saylı tam orta məktəbin X sinif şagirdi ekskursiya zamanı tariximizi öyrənməklə yanaşı, ölkəmizin regionlarının nə qədər inkişaf etdiyinin də şahidi olduqlarını bildirib.
“Bütün məktəblilərə bu səfərlərdə iştirak etməyi arzulayıram. Ekskursiyamız düşündüyümdən də maraqlı keçir. Biz bu tur-aksiya zamanı Vətənimizin nə qədər qədim tarixə malik olduğunu gözlərimizlə görürük”, - deyə Aidə Adıgözəlova qeyd edib.