REGİONLAR
Sumqayıtda 1 saylı poliklinika əsaslı təmir olunub
Sumqayıt, 26 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində 1 saylı poliklinika əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov əsaslı təmirdən sonra poliklinikada yaradılan şəraitlə tanış olub.
Qeyd edilib ki, 1 saylı poliklinika 1989-cu ildə fəaliyyətə başlayıb. Bu illər ərzində poliklinikada əsaslı təmir işləri aparılmayıb. Yalnız 2015-ci ilin noyabr ayında əsaslı təmirə start verilib. Təmirdən sonra burada keyfiyyətli tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılıb, poliklinika müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. İki mərtəbə və 26 kabinetdən ibarət olan poliklinikada istilik, yanğından mühafizə, kamera-nəzarət sistemləri quraşdırılıb.
Sonra şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşən Zakir Fərəcov qeyd edib ki, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün xəstəxanaların və poliklinikaların təmiri, müasir avadanlıqlarla təchizatı vacib amillərdəndir. Z.Fərəcov şəhərdə təmirə ehtiyacı olan tibb müəssisələrinin tezliklə müasirləşdiriləcəyini vurğulayıb, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.