REGİONLAR
Sumqayıtda Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunub
Sumqayıt, 15 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Şəhər İcra Hakimiyyəti Kimyaçılar Mədəniyyət Sarayında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhər rəhbərliyi, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.
Konsertin aparıcıları qeyd ediblər ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və ona arxa olan bir insan - Heydər Əliyevdir.
Vurğulanıb ki, Milli Qurtuluş Günü ulu öndər Heydər Əliyevin bütünlüklə xalqı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirməsinin bariz sübutu oldu. Bu ideya ölkəmizin inkişafında, keçdiyi yolda hər zaman vətəndaşlarımızın bir amal uğrunda birləşdirilməsində müstəsna rol oynayıb. Bu gün həmin ideyalar Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Konsertdə tanınmış incəsənət ustalarının Vətəni, Ulu Öndəri, vətənpərvərliyi tərənnüm edən mahnıları səsləndirilib.