REGİONLAR
Sumqayıtda bilik yarışının qalibləri mükafatlandırılıb
Sumqayıt, 6 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının inzibati binasında 9 noyabr – Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Gününə həsr olunmuş test müsabiqəsi keçirilib. Tədbir Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Şöbəsi və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, müsabiqədə Sumqayıt şəhərindən, Qubadlı və Abşeron rayonundan orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri öz bilik və bacarıqlarını sınayıblar.
Müsabiqədən əvvəl çıxışlarda bildirilib ki, bilik yarışının keçirilməsində məqsəd "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri reallaşdırmaq, məktəblilər arasında dövlət rəmzlərini təbliğ etmək, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işini gücləndirmək, məktəblilərin intellektual səviyyələrini, dünya görüşlərini, zehni inkişafını stimullaşdırmaq, gənclər arasında elmin nüfuzunu artırmaq, asudə vaxtın səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.
Bilik yarışının sonunda IX, X və XI siniflər arasında I, II və III yerə layiq görülən şagirdlər müəyyənləşib. Qaliblərə Baş İdarənin fəxri fərmanı və hədiyyələri, həmçinin hər bir iştirakçıya Konstitusiya kitabı təqdim edilib.