MƏDƏNİYYƏT
Sumqayıtda gənc ifaçıların muğam festivalı keçirilmişdir
Sumqayıt, 4 noyabr (AZƏRTAC). Sumqayıtda ilk dəfə olaraq muğam festivalı keçirilmişdir. Festival Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Muğamsevərlər” Musiqi Festivalı layihəsi çərçivəsində təşkil olunmuşdur. Əsl muğam bayramına çevrilən tədbir şəhər müğamsevərlərini Nəriman Nərimanov adına Mədəniyyət Evində bir araya gətirmişdir.
Tamaşaçılar festival iştiralçılarını - gənc muğam ifaçıları Fariz İsgəndərovu, Şamo Qədirovu, Teymur Əzizlini, Daşqın Piriyevi, Gülnar Ələkbərlini və Sadıq Qasımovu sürəkli alqışlarla qarşılamışlar. Onları tarda Elnur Əliyev, kamançada Şəhriyar Musayev müşayiət etmişlər.
Layihənin icraçısı Eyvaz Qocayev AZƏRTAC-a bildirmişdir ki, festivalı keçirməkdə məqsəd gənc muğam ifaçılarına özlərini təqdim etmək üçün şərait yaratmaq, istedadlı gəncləri həvəsləndirmək, gənclərin muğama marağını daha da artırmaqdır. Eyni zamanda şəhərdə mədəni irsimizi təbliğ etmək, gənclərin asudə vaxtının səmərəli keçirilməsinə, mədəni səviyyəsinin yüksəldilməsinə nail olmaqdır. Çox uğurlu bir proqram təqdim edildi və layihə qarşısına qoyulan hədəfə çata bildi.