REGİONLAR
Sumqayıtda gənc modelyer-rəssamın batika üsulu ilə işlənmiş uşaq geyimləri nümayiş etdirilib
Sumqayıt, 2 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtın Poeziya Evində modelyer-rəssam Günel Hüseynovanın Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Hər uşaq bir çiçəkdir!” adlı fərdi sərgisi böyük maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan tədbirdə şəhərdə ilk dəfə olaraq batika üsulu ilə işlənmiş uşaq geyimləri nümayiş etdirilib, habelə modelyer-rəssamın 3D formatında əsərləri təqdim olunub.
“Sərginin məqsədi, adından göründüyü kimi, hər uşağın bir çiçək olduğunu vurğulamaq, uşaqların rəngli, nağıllı dünyasına səyahət etməkdir”,- deyən sərginin müəllifi batikanın İndoneziyaya məxsus incəsənət nümunəsi olduğunu vurğulayıb. Dekorativ-tətbiqi sənət növlərindən ən zərifi sayılan soyuq batika üsulu yaratdığı sirli əhvali-ruhiyyə, rəng zənginliyi, dekorativ rəngli ləkə və kənar xətlərin ritmində müşahidə olunur. Bütün bu bədii vasitələr də əsərin mənasını ifadə edir.
Tədbirin ən maraqlı hissəsi isə Günel Hüseynovanın batika üsulu ilə işlədiyi uşaq geyimlərinin kolleksiyasının gözəl fidanların iştirakı ilə nümayişi olub. İlk dəfə olaraq tamaşaçı qarşına podiuma çıxan balaca “manekenlər” 20 rəngarəng uşaq geyimini təqdim ediblər.
Gənc ifaçıların mahnı sovqatı tədbirə xüsusi rəng qatıb.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, coğrafiya elmləri namizədi Məhərrəm Həsənov, “İdeal” tədris mərkəzinin direktoru Könül Əhmədova və digərləri çıxış edərək müəllifi və fidanları təbrik edib, uğurlar arzulayıblar.
Tədbirdə iştirak edən uşaqlar Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub.