REGİONLAR


Sumqayıtda uşaqlar arasında “TIAMO meqa beyin-2021” olimpiadası keçirilib

Sumqayıt, 8 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda fəaliyyət göstərən “TİAMO kids” Dahi Uşaqlar Mərkəzinin təşkilatçılığı ilə Müzəffər Ordumuzun şanlı qələbəsinə həsr olunmuş “TİAMO meqa beyin-2021” olimpiadası keçirilib. Olimpiadanın məqsədi uşaqların dünyagörüşünə, intellektual səviyyələrinin inkişafına impuls verərək, onların sosiallaşması prosesini təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, olimpiadada 64 şagird iştirak edib. İştirakçılardan 5 nəfər onlayn formatda Amerika Birləşmiş Ştatlarından, Rusiyadan, Səudiyyə Ərəbistanından, həmçinin Bakı və Bərdə şəhərlərindən qatılıblar. Olimpiadada müxtəlif yaş kateqoriyasından olan uşaqlar bilik səviyyələrinə görə qruplarda öz qabiliyyətinin sınayıblar.

“TİAMO kids”in Azərbaycan üzrə nümayəndəsi, Mərkəzin direktoru İradə Xəlilova bilik yarışını açaraq, qonaqları və münsiflər heyətini - ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələrinin üzvlərini və Vətən müharibəsində canını sipər etmiş, dövlətin yüksək mükafatlarına layiq qurulmuş qəhrəman qazilərimizi salamlayıb.

Sonra pandemiya şəraitinin tələblərinə riayət etməklə hər bir olimpiada iştirakçısının bacarıq və qabiliyyəti yoxlanılıb. Bilik yarışında, həmçinin vətənpərvər ruhda mahnı və şeirlər səslənib, milli rəqslər ifa olunub, eyni zamanda iştirakçılar çətin misalları kalkulyatordan daha sürətli hesablayıblar. Azyaşlıların mental bacarıqları, hesab edə-edə beyində bir neçə işi aparması qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qaliblərə hər qrup üzrə kubok, medal, plaket, sertifikat və müxtəlif hədiyyələr verilib.

“TIAMO meqa beyin-2021” bilik yarışının münsiflərinə – Vətən müharibəsi qazilərinə də xüsusi hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.